Gürcüstan: “Rus qanunu” Avropa arzusuna qarşı | Şərh
Layihənin məğzi budur ki, maliyyəsinin 20%-dən çoxu xaricdən gələn təşkilatlar xüsusi reyesterə daxil edilməlidirlər. Bu, xarici dövlətlərin müxtəlif partiyalar, QHT-lər və media orqanları vasitəsilə ölkədəki proseslərə müdaxilə imkanlarını azaltmağa xidmət etməlidir. Əslində tamamilə normaldır və ABŞ və Fransadakına anoloji qanunlara daha çox bənzəyir. Hakim partiya da elə bunu deyir, amma onu dinləyən yoxdur.
Qərbdə də açıq şəkildə bildirirlər ki, bu qanundan rus iyi gəlir və onun qəbulu Gürcüstanın Avropa Birliyinə inteqrasiyasını əngəlləyə bilər. Amma hakimiyyət geri çəkilmək istəmir. “Gürcü arzusu” partiyasının parlamentdəki say çoxluğunu nəzərə alsaq, prezidentin vetosu da ona mane ola bilməyəcək.
İlk baxışdan belə görünür ki, “Gürcü arzusu” gürcülərin arzusunu bir qanuna qurban verməkdə israrlıdır. Diqqətlə baxanda isə, Gürcüstanda da Avropa ilə Rusiyanın qarşıdurmasının gücləndiyini görürük. Doğrudan da, qanunun altında gizlənməklə çox işlər görmək mümkündür.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Gürcüstan